“Azərbaycan Uşaq Qaynar Xətti"nə ötən il 4 500-ə yaxın müraciət daxil olub

“Azərbaycan Uşaq Qaynar Xətti"nə ötən il 4 500-ə yaxın müraciət daxil olub

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən xidmət son 1 illik hesabatını açıqlayıb

Əsas məqsədi çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Azərbaycan Uşaq Qaynar Xətti” (AUQX) xidməti 2023-cü ildə 4500-ə yaxın zəng qəbul edib. "Azercell"in dəstəyi ilə yaradılaraq fəaliyyət göstərən qaynar xəttə hüquqi yardım üçün 1329 zəng daxil olub. Psixoloji problemlərlə bağlı 1080, təhsillə əlaqəli 1004 müraciət cavablandırılıb. 718 zəng sosial, 196-sı isə səhiyyə məsələlərini əhatə edib. Zənglərdən 126-sı digər sahələrə aiddir. Bu müraciətlərin 53 % qadın, 46 % kişi tərəfindən, 1 % isə anonim şəkildə daxil olub.

AUQX hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərə qədər geniş spektrdə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, fəaliyyət göstərdiyi 2010-2023-cü illər ərzində qaynar xəttə 72000-dən çox müraciət daxil olub.

AUQX fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), internet səhifəsi, facebook və instagram sosial şəbəkələri və İOS və Android sistemləri üçün nəzərdə tutulmuş “uşaqqaynarxetti” mobil əlavə üzərindən həyata keçirir.