Annalena Berbok: İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakət olar

Annalena Berbok: İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakət olar

"İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakət olardı".

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" hesabında bildirib.

Rəfahda vəziyyətin ağır olduğunu deyən Almaniya XİN rəhbəri 1,3 milyon insanın çox kiçik bir ərazidə müharibədən qorunmaq üçün sığındığını qeyd edib.

"İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakət olardı. Qəzza xalqı havada yox ola bilməz. İsrail HAMAS terroruna qarşı özünü müdafiə etməli, eyni zamanda mülki əhalinin əzabını mümkün qədər yüngülləşdirməlidir. Odur ki, daha bir atəşkəs lazımdır ki, girovlar nəhayət azad olunsun. Gələn həftə İsraildə bunu yenidən müzakirə edəcəyəm", - Berbok əlavə edib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu orduya HAMAS-a qarşı genişmiqyaslı hücumdan əvvəl Qəzzanın cənubundakı Rəfah şəhərindən dinc sakinləri təxliyə etməyə hazırlaşmağı əmr edib. Təxminən 1 milyondan çox fələstinli İsrailin Qəzzanın qalan hissəsindəki döyüş əməliyyatlarından sığınmaq üçün Rəfahdadır.

ABŞ İsrailə Rəfahın işğalının "fəlakət" olacağı barədə xəbərdarlıq edib, Aİ və BMT isə narahatlığını bildirib.

Humanitar yardım qrupları isə bildirir ki, şəhərdən hamını evakuasiya etmək mümkün deyil.