FHN hərbi hissədə təlim keçirib - FOTO

FHN hərbi hissədə təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsi ilə Regional Mərkəz arasında baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq, fövqəladə hallar zamanı davranış qaydaları və yanğın təhlükəsizliyinin tələbləri mövzusunda nəzəri-praktiki təlim keçirilib.


FHN-dən APA-ya verilən məlumata görə, təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Təlimin praktiki hissəsində şərti yanğın hadisəsi zamanı hündürmərtəbəli binadan zərərçəkmişlər Regional Mərkəzin xilasediciləri tərəfindən xüsusi alpinist alət və avadanlıqlarından istifadə edilməklə “xilas olunub, onlara təxirəsalınmaz ilkin yardım göstərilib”.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.