Venesuela Milli Assambleyası Avropa Parlamentinin qərarını kəskin şəkildə pisləyib

Venesuela Milli Assambleyası Avropa Parlamentinin qərarını kəskin şəkildə pisləyib

Venesuela Milli Assambleyası (qanunverici orqan) Avropa Parlamentinin Venesuelada keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməsini qətiyyətlə pisləyib və bu sənədə səs vermiş deputatları persona non qrata elan edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqesin sosial şəbəkədə dərc edilmiş kommunikesində qeyd olunub.

“Venesuela Bolivar Respublikasının Milli Assambleyası Avropa Parlamentinin bu il 8 fevral tarixli biabırçı və həyasız qətnaməsini qəti şəkildə rədd edir”, – sənəddə diqqətə çatdırılıb.

“Venesuela parlamenti üçün bu akt ölkəmizin daxili işlərinə kobud müdaxilədir, Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmətsizlikdir, ölkədə sülhə və siyasi sabitliyə qarşı təcavüzün yeni eskalasiyasını, habelə çürümüş və zəifləmiş Avropanın müstəmləkəçi xarakterinin dirçəldilməsi cəhdidir”, – bəyanatda vurğulanıb.

“Venesuela Bolivar Respublikasının Milli Assambleyası Venesuelaya qarşı qətnaməni kobud şəkildə dəstəkləyən və lehinə səs verən Avropa Parlamentinin üzvlərini persona non qrata elan edir və bu hərəkətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu qeyd edir”, – kommunikedə bildirilib.

Xatırladaq ki, Mariya Maçado Venesuela müxalifətinin yeni liderlərindən birinə çevrilib. O, bu il keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırsa da, ölkənin Ali Məhkəməsi onu bu hüququndan məhrum edib. Qadın siyasətçinin həmçinin yaxın 15 ildə dövlət vəzifələrində də işləməsi yasaqlanıb.

Qeyd edək ki, Venesuelanı 2013-cü ildən Prezident Nikolas Maduro idarə edir. Onun dövrü ilk növbədə misli görünməmiş hiperinflyasiya və Qərbin sanksiyaları ilə seçilir.