İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cümlədən saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, - nazir deyib.

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.

Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü polis olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan ölüb. Yerli KİV hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. İstintaqın versiyasına görə, terrorçular onu azad etməyi planlaşdırmışdılar.