AQEM-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

AQEM-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizin liderliyinizə göstərdiyi davamlı inam və etimadı bir daha nümayiş etdirdi.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər əldə edib. Uğurlu siyasətiniz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təməllər üzərində müstəqil, suveren, müasir Azərbaycanın sürətli inkişafına gətirib çıxarıb.

Azərbaycanın beynəlxalq əlaqələrdə həm regional, həm də qlobal səviyyədə artan rolu və nüfuzunu yüksək qiymətləndirirəm. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin aktual qlobal çağırışların həllində hərtərəfli yanaşmanın tərəfdarı olduğunu nümayiş etdirir.

Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Zati-alinizin regionda əməkdaşlığın və dialoqun möhkəmləndirilməsinə sadiqliyi həqiqətən də təqdirəlayiqdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyindəki müxtəlif məsələlər üzrə, xüsusilə də Azərbaycanın əlaqələndirici kimi fəaliyyətdə olduğu təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və firavanlıq arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcək, ölkədə və regionda dayanıqlı sülhə və tərəqqiyə bundan sonra da töhfə verəcəkdir".