Təcridxanada dərman vasitələrinin saxlanılma qaydalarına riayət edilmədiyi aşkarlanıb

Təcridxanada dərman vasitələrinin saxlanılma qaydalarına riayət edilmədiyi aşkarlanıb

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Bu barədə "Birxeber.Az"a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, başçəkmə zamanı müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti və rəftar, tibbi yardımın təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb və sənədləşmə yoxlanılıb.

MPQ üzvləri cərimə təcridxanasına baxış zamanı burada təmir işlərinin aparıldığını, lakin natəmizliyin mövcud olduğunu, dərman vasitələrinn saxlanılması qaydalarına riayət edilmədiyini müşahidə ediblər.

Qrup üzvləri tərəfindən 30-dan çox məhkum fərdi qaydada qəbul olunub. Məhkumlar müəssisədə müayinə və müalicə məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər. Bəzi məhkumların Ombudsmana yazılı müraciəti də qəbul olunub.

Başçəkmənin yekununda aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.