Millinin məşqçisi Azərbaycan cüdosunun gələcəyinə nikbin baxır

Millinin məşqçisi Azərbaycan cüdosunun gələcəyinə nikbin baxır

Azərbaycan millisinin məşqçisi Rüstəm Alimli Azərbaycan cüdosunun gələcəyinə nikbin baxır.

Gənc mütəxəssis “Report”a açıqlamasında ölkədə cüdonun sürətlə inkişaf etdiyini bildirib.

O, bu günlərdə təşkil olunan yeniyetmələr arasında Azərbaycan birinciliyində bölgə cüdoçularının xüsusi fərqləndiklərini söyləyib: “Ötən illə müqayisədə builki çempionatda iştirakçı sayı daha çox idi. Sevindirici haldır ki, yüksək yer tutanların çoxu regionlardan gələnlər idi. Əsasən Zaqatala, Gəncə və Mingəçevirdən olan cüdoçuları fərqləndirərdim. Bu onu göstərir ki, cüdo təkcə Bakıda deyil, Azərbaycanın digər regionlarında da inkişaf edir. Əsas məqsədimiz yeniyetmə idmançıları gənc yaşlarına qədər sağlam şəkildə inkişaf etdirməkdir. Onların gələcəkdə yüksək nəticələr qazanmalarına çalışırıq. Nəticə verənlərin gənclərə keçid zamanı uğurlu olacaqlarına inanırıq. Azərbaycan cüdosunun daha çox olimpiya çempionu üzə çıxarmasına çalışırıq”.

Rüstəm Alimli yeniyetmələrin gələcəkdə nüfuzlu turnirlərdə uğurlu nəticələr qazanacaq perspektivdə olub-olmadıqları barədə suala ehtiyatlı cavab verib: “İndidən konkret ad çəkmək çətin olar. Amma bir neçə yarışdan sonra kimin Avropa və dünya çempionluğuna hazır olduğunu söyləmək olar. Bunun üçün cüdoçular uzun yol qət etməlidirlər. Təlim-məşq toplanışları, yarışlar həlledici olacaq”.

Qeyd edək ki, 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində qızlar və oğlanlar arasında ümumilikdə 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparıblar.