Tanınmış model Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs özünü günahkar bilməyib

Tanınmış model Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs özünü günahkar bilməyib

Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin məhkəməsinin baxış iclası keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə ona edilən ittihamla özünü təqsirli bilməyib.

O bildirib ki, ona irəli sürülən bütün epizodlar üzrə sübutları məhkəmə istintaqı dövründə təqdim edilərək əsaslandırılacaq.

Daha sonra hakim bildirdi ki iş üzrə ilk olaraq şahidlər ifadə verməlidir.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.

Belə ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb.

Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.