Azərbaycan millisinin sabiq qapıçısı: "Futboldan qopmaq və ayrılmaq olmur"

Azərbaycan millisinin sabiq qapıçısı: "Futboldan qopmaq və ayrılmaq olmur"

Futbol elə idman növüdür ki, ondan qopmaq və ayrılmaq olmur.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə "İnter" komandasına keçən Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.

49 yaşlı qolkiper Azərbaycan çempionatının debütantına keçidi ilə bağlı danışıb: "Komandanın üzvlərinin hamısı tanıdığım oyunçulardır. Bəziləri ilə çiyin-çiyinə çıxış etmişik, digərləri ilə də rəqib olmuşuq. Həm də yığmanın keçmiş üzvləridir, yaxşı oyunçulardır. Karyeramızı bitirsək də, həmişə meydanda olmaq istəyirik. Fiziki durumuma hər zaman diqqət yetirmişəm. Karyeramı başa vurandan sonra formamı saxlamağa çalışmışam, məşq etmişəm, futbol oynamışam. Özümü normal hiss edirəm, çətinlik çəkmirəm".

Məhəmmədov minifutbol üzrə Azərbaycan çempionatında yaxşı rəqiblərin olduğunu vurğulayıb: "Hər kollektiv istəklidir. Minifutbol bir az başqa cürdür, böyük futbolla fərq var, çətindir. Amma zövq alırıq. Çünki hazırda yaxşı çempionat gedir. Biz də bu turnirə rəng qatmaq istəyirik. Bacardığımız qədər yüksək pillələrdə olmağı planlaşdırırıq. Yaxşı nəticələr qazanmaq və zirvələrə qalxmaq niyyətindəyik".

Qeyd edək ki, "İnter" hazırda 16 xalla 6-8-ci yerləri bölüşdürür.