Azərbaycanın turizm imkanları Mumbayda təbliğ olunur

Azərbaycanın turizm imkanları Mumbayda təbliğ olunur

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları ötən gün Hindistanın Mumbay şəhərində işə başlamış “OTM Mumbai 2024” (“Outbound Travel Mart”) sərgisində nümayiş etdirilir.

"Report" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Sabah başa çatacaq sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.

Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ Turizm Mərkəzi" QSC ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

2023-cü ildə ölkəmizə gələn xarici ölkə vətəndaşları sırasında Hindistan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il Azərbaycana 117 302 nəfər Hindistan vətəndaşı gəlib ki, bu da əvvəlki ilə nisbətən 93 %, 2019-cu il rəqəmləri ilə müqayisədə isə 80 % çoxdur.

Asiya üzrə ən böyük turizm sərgisi hesab olunan 2023-cü ildə 35 mindən artıq ziyarətçi qəbul edən sərgiyə 60 ölkədən 1600-dən çox turizm şirkəti qatılıb.