"Şahdəniz"də qazılan kəşfiyyat quyusundan götürülən məlumatların emalına başlanılıb

"Şahdəniz"də qazılan kəşfiyyat quyusundan götürülən məlumatların emalına başlanılıb

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində qazılan kəşfiyyat quyusundan əldə olunan məlumatların analizinə başlayıb.

"Birxeber.Az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O'Leary) bildirib.

Onun sözlərinə görə, quyu ötən ilin dekabrında layihə dərinliyinə çatdırılıb.

"Mürəkkəb quyu idi. Lakin biz onu çox səmərəli, təhlükəsiz şəkildə, uğurla layihə dərinliyinə çatdırdıq. Quyudan alınan məlumatlar indi əlimizdədir və hazırda onların analizi gedir", - Cim Oliri qeyd edib.

O əlavə edib ki, əldə oluna nəticələr və məlumatlar götürüldükdən sonra quyu müvəqqəti olaraq bağlanılıb.

"Əldə olunan məlumatların analizi və emalı nəticəsində biz artıq qərar verəcəyik ki, həmin quyudan necə istifadə olunacaq və ümumiyyətlə gələcək planlar nədir", - BP-nin nümayəndəsi əlavə edib.

Cim Oliri onu da bildirib ki, bu cür dərin (7 min metr) və mürəkkəb quyulardan alınan məlumatların emalı çox vaxt aparır.

Quyu üzərində işlərin nə zaman davam etdiriləcəyi məsələsinə toxunan BP nümayəndəsi qeyd edib ki, bu məsələ təkcə alınan məlumatların emalının vaxtından asılı deyil, həm də "Heydər Əliyev" qazma qurğusunun quyuya qayıdacağı vaxtdan da asılıdır.

Cim Oliri əlavə edib ki, hazırda qeyd olunan qazma qurğusu "Şahdəniz" yatağında həyata keçirilən digər işlərə cəlb olunub.

Xatırladaq ki, "SDX-8" kəşfiyyat Quyunun qazılmasına ötən ilin yanvarında başlanılıb.