Kürdəmir sakini anasını və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb - YENİLƏNİB-1

Kürdəmir sakini anasını və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb - YENİLƏNİB-1

Kürdəmirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Kürdəmir rayon prokurorluğundan Birxeber.Az-ya verilən məlumata görə, fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

13.35

Kürdəmir sakini anası və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Hadisə nəticəsində Nəsibə Aliyeva və Famil Şükürov ölüb, Vüqar Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

***

13:27

Kürdəmirdə qətl törədilib.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, hadisə Kürdəmirin Şıxımlı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini 4 nəfəri bıçaqlayıb.

Ölənlərin olduğu bildirilir.