Hirkan Milli Parkının yaranmasından 20 il ötür

Hirkan Milli Parkının yaranmasından 20 il ötür

Lənkəran rayonunda Hirkan Milli Parkının yaranmasının 20 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.

"Report"un cənub bürosunun məlumatına görə, açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Vüqar Kərimov iştirakçıları təbrik edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi (XİN), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO), Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən nadir meşə massivi sayılan Hirkan Milli Parkının unikal ekosistemi, Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti və YUNESKO ilə iş sahəsində gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda, konfransda Hirkan Milli Parkında həyata keçirilən layihələr, quraşdırılmış fototələlər barədə məlumatlar verilib, beynəlxalq ekspertlər videoformatda çıxışlar ediblər.

Tədbir çərçivəsində Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı YUNESKO-nun baş direktoru Odre Azule tərəfindən imzalanmış sertifikat təqdim olunub. Daha sonra iştirakçılara YUNESKO-nun 45-ci sessiyasından kadrları əks etdirən video və fotogörüntülər nümayiş etdirilib.