Nazirlik işğaldan azad olunmuş ərazilərdə yarışlar keçirmək üçün federasiyalarla danışıqlar aparır

Nazirlik işğaldan azad olunmuş ərazilərdə yarışlar keçirmək üçün federasiyalarla danışıqlar aparır

Azərbaycan Gənclər və İdman Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yarışlar təşkil etmək üçün yerli federasiyalarla danışıqlar aparır.

"Report"un məlumatına görə, bunu Türkan qəsəbəsində idman zalının açılışından sonra nazir Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

"İşğaldan azad olunmuş ərazilərdə indiyədək bir neçə yerli və beynəlxalq turnirlər keçirilib. Bu yarışların ənənəvi olacağına inanırıq. Hazırda federasiyalarla bununla bağlı danışıqlar gedir", - nazir bildirib.

F.Qayıbov Türkan idman zalı barədə fikirlərini də bölüşüb: "Bu kompleks Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən inşa edilib. Tikinti işlərinə bir neçə il öncə başlanılsa da, sonradan problem ortaya çıxdı. 2022-ci ilin sonunda işlər yenidən bərpa olundu. İndi isə zalın açılışını edirik. Burada bir neçə idman növü fəaliyyət göstərəcək. Bu zal qəsəbə sakinləri üçün idmanla məşğul olmaları baxımından yaxşı bir fürsətdir. Ümumiyyətlə, bu il Bakının qəsəbələrində daha 3 oxşar zalın açılışı nəzərdə tutulub".