KİV: Zelenski ehtiyatlı olmalıdır, Zalujnının işdən çıxarılmasının siyasi nəticələri olacaq

KİV: Zelenski ehtiyatlı olmalıdır, Zalujnının işdən çıxarılmasının siyasi nəticələri olacaq

“Zalujnının işdən çıxarılmasının siyasi nəticələri olacaq”.

APA xəbər verir ki, bu barədə “The Economist” nəşrinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanın postundan azad edilməsi ilə bağlı məqaləsində bildirilib.

Nəşr yazır ki, Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsi müharibənin yeni, həlledici mərhələsidir və Ukrayna Prezidenti Vladimir Zelenski bu məsələdə “səhv etmək riski daşıyır”.

“The Economist”in məqaləsində qeyd edilir ki, Zalujnının Aleksandr Sırski ilə əvəzlənməsi taleyüklü bir məsələ kimi görünür: “Bu qərarı qismən Zalujnının işğalın ilk günlərində rus qoşunlarının dəf edilməsində həlledici rolu, eləcə də əsgərlər və mülki əhali arasında populyarlığı ilə izah etmək olar. Aktyordan siyasətçiyə çevrilmiş şəxslə döyüşdə sərtləşmiş komandir arasındakı fərqlər qismən mədəniyyət və şəxsiyyətlə bağlı idi. 2022-ci il fevralın 24-də Rusiya Ukraynanı işğal etdikdən sonra bu fərqlər əhəmiyyətsizləşdi - əslində, hətta üstünlüyə çevrildi. Ölkənin müqavimətinin hər bir komponenti öz vəzifəsinə fokuslandı. Zelenski "baş vətənpərvər" rolunu oynadı, xalqının Rusiya təcavüzü qarşısında təslim olmaqdan imtina etdiyini dilə gətirdi. Əslində, uzun illər Rusiya ilə müharibə vəziyyətində olan Zalujnı diqqətini hərbi əməliyyatlara yönəltdi”.

“The Economist” onu da qeyd edir ki, ancaq cəbhə xəttində irəliləyiş dayandıqca, bu gərginliklər münasibətlərə zərər verməyə başladı: “Zalujnı ilə Zelenski arasında münasibətlər pisləşdikcə, döyüş meydanında nə ediləcəyi ilə bağlı fikir ayrılıqları yarandı. Zelenski və onun administrasiyası keçən yay əks-hücum əməliyyatının uğursuzluğuna görə Zalujnının məsuliyyət daşıdığını düşündü. Onlar ordunun yeni hücumlara hazırlaşmasını istəyirdilər və tələb edirdilər ki, döyüş planları hazırlansın və əlavə qoşunların səfərbər edilməsi kimi xoşagəlməz yüklə bağlı məsuliyyəti (Zalujnı-red.) üzərinə götürsün".

Nəşr bildirir ki, Zalujnı qətiyyətlə Zelenskinin şərtləri ilə razılaşmadı. General hesab edirdi ki, ilk hücumun uğursuzluğundan sonra ehtiyatlılıq ölkənin həyati əhəmiyyət daşıyan qoşun və texnikasını xilas edə bilməsinə səbəb olub: “O, sərəncamında hansı resursların olduğunu bilmədiyi üçün növbəti əks hücumu planlaşdıra bilməyəcəyini bəyan etdi. Üstəlik Zalujnı səfərbərliyə müqavimət göstərdi. General bildirdi ki, cəmiyyəti səfərbər etmək siyasətçilərin vəzifəsidir.
Müharibədə siyasətçilərin və əsgərlərin bir-birləri haqqında aşağı fikirdə olması qeyri-adi deyil. Bununla belə, Zelenski ilə Zalujnı arasındakı münasibətləri həqiqətən məhv edən, prezidentin müharibənin Ukraynanın necə bir ölkəyə çevriləcəyini müəyyənləşdirəcəyi ilə bağlı fikirlərini dəyişməsi oldu”.

"The Economist" xatırladır ki, jurnalistlər işğalçı müharibə başladıqdan cəmi bir neçə həftə sonra Kiyevdə Zelenskidən ilk dəfə müsahibə alıblar. O zaman prezident ölkəsinin Avropa demokratiyası kimi öz taleyi uğrunda necə mübarizə apardığı barədə danışırdı. Onun sözlərinə görə, Ukrayna ərazidən daha çox həyata dəyər verir. Halbuki son vaxtlar Zelenski davamlı bəyanatlar verir ki, onun prezidentliyinin məqsədi Ukraynanın bütün işğal olunmuş ərazilərini qaytarmaqdır.

Nəşr qeyd edir ki, bu hərbi məqsədin "əldə edilə bilməyəcəyi daha da aydınlaşdıqca" Zelenskinin generala qarşı səbirsizliyi daha da artdı. O və onun administrasiyası Zalujnının populyarlığını təhlükə hiss edirdilər:

“Zalujnının işdən çıxarılmasının siyasi nəticələri olacaq... Generalı tanıyanlar ona siyasətçi kimi baxmasalar da, Ukrayna kimi ölkədə oliqarxlar, şübhəsiz ki, onu öz ambisiyalarını həyata keçirmək vasitəsi kimi qəbul edəcəklər”.

“The Economist” əlavə edir ki, Zelenski kifayət qədər ehtiyatlı olmalıdır və anlamalıdır ki, o və onun administrasiyası narazılığı (Zalujnının işdən çıxarılması ilə bağlı –red.) susdurmağa çalışsalar, xilas etməyə çalışdıqları siyasi mədəniyyətə xələl gətirəcəklər. Kritik sual: Zelenskinin general Zalujnının işdən çıxarılmasından müharibəyə baxışını dəyişdirmək üçün faydalanıb-faydalanmayacağıdır”.