Kim Çen In: “KXDR Koreya Respublikasını işğal etməyə hazırdır”

Kim Çen In: “KXDR Koreya Respublikasını işğal etməyə hazırdır”

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir və təhlükəsizliyini tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini işğal etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurma tarixi ilə bağlı nəticələrə yekun vurub. Cənubi koreyalı marionetlərin ölkəmizin ən zərərli və dəyişməz əsas düşməni kimi müəyyən edilməsi və fövqəladə hallarda ərazilərinin işğalına milli siyasət kimi qərar verilməsi ölkəmizin gələcəkdə əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ağlabatan tədbirdir”, - deyə, o bildirib.

Ötən ilin dekabr plenumunda KXDR lideri bildirmişdi ki, Koreya Fəhlə Partiyası artıq Koreya yarımadasının dialoq və sülh yolu ilə birləşdirilməsinin mümkün olduğuna inanmır. O əlavə edib ki, KXDR və Koreya Respublikası nəhayət ki, bir-birinə düşmən dövlətə çevriliblər.