Moskvada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb, 10 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Moskvada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb, 10 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Yanğınsöndürənlər Moskvanın şimalında yaşayış binasının damında baş verən böyük yanğını lokallaşdıra biliblər.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son məlumata görə, yanğın sahəsi 4 min kvadratmetrdir. 400 nəfər təxliyə edilib, 10 nəfər yaralanıb.

Fövqəladə vəziyyətin aradan qaldırılmasına 130-dan çox insan və 41 texnika, o cümlədən Moskva Aviasiya Mərkəzindən iki Ka-32 helikopteri cəlb olunub.

***

04.37

Moskvanın Leninqrad prospektində “Aeroport” metrostansiyasının yaxınlığında altımərtəbəli yaşayış binasının dam örtüyü yanıb.

APA-nın məlumatına görə, bu barədə Mash Telegram kanalı yazıb və müvafiq kadrları yayıb.

Məlumata görə, yanğın üçün üçüncü mürəkkəblik dərəcəsi təyin edilib. Yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.

Yanğının söndürülməsinə Moskva yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət cəlb olunub.

İlkin olaraq yanğın 300 kvadratmetr ərazini əhatə etsə də, sonradan 4 min kvadratmetr ərazini əhatə edib.

“İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində 10-dan çox zərərçəkən var”, - kanal bildirib.

Bu, son vaxtlar Moskvada yaşayış binasında baş vermiş ən böyük yanğındır.