ABŞ və NATO Valeri Zalujnının vəzifəsindən azad edilməsinə münasibət bildirib

ABŞ və NATO Valeri Zalujnının vəzifəsindən azad edilməsinə münasibət bildirib

Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının çoxdan gözlənilən istefasını və onun yerinə Aleksandr Sırskinin təyin olunmasını şərh edib.

“Report” xəbər verir ki, Dövlət Departamenti bunun Ukraynanın suveren qərarı olduğunu bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə bunları deyib: “Seçilmiş lider hərbi rəhbərliyin ən yüksək pillələrini kimin tutacağı ilə bağlı öz seçimini etməlidir. Bircə onu deyə bilərəm ki, ABŞ-ın nöqteyi-nəzərindən biz həm Ukrayna hökumətini, həm də Ukrayna ordusunu dəstəkləməyə davam edəcəyik”.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası Ukraynanın qərarıdır:

“Bu məsələ ilə bağlı hər hansı fikir bildirmək NATO-nun işi deyil. Ancaq xarici işlər naziri Dmitro Kulebanın heç bir dəyişikliyin Ukraynanın tərəfdaşları və NATO ilə münasibətlərinə təsir etməyəcəyi barədə çox aydın bəyanatını alqışlayıram. Ona görə də biz dəstəyimizi davam etdirəcəyik və əsas məsələ budur”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib.