Rusiya KİV: “Azərbaycan cəmiyyəti misli görünməmiş həmrəylik nümayiş etdirib”

Rusiya KİV: “Azərbaycan cəmiyyəti misli görünməmiş həmrəylik nümayiş etdirib”

Azərbaycanda prezident seçkiləri başa çatıb. Heç bir sürpriz olmayıb: qalib rekord seçici fəallığının qeydə alındığı növbədənkənar prezident seçkilərində 92 faizdən çox səs toplayan hazırkı dövlət başçısı İlham Əliyev olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”da (RG.ru) dərc olunan məqalədə deyilir.

Bildirilib ki, Azərbaycan cəmiyyətində misli görünməmiş konsensus hökm sürür: “İnsanlar əmindirlər ki, indi ölkə iqtisadiyyatın inkişafı, eləcə də dost ölkələrlə əlaqələrin möhkəmləndirilməsi ilə daha da intensiv məşğul olmalıdır”.

Qeyd edilib ki, fevralın 7-də keçirilən prezident seçkilərdə maraqlı yeniliklər də var idi: “Məsələn, qeyri-qanuni təkrar səsvermə ehtimalını aradan qaldırmaq üçün seçki məntəqələrinin girişində hər bir seçicinin baş barmağı skan edilərək onun biometrik məlumatları xüsusi məlumat bazasına daxil edilib. Buna görə də hər hansı seçki məntəqəsinə yenidən daxil olub ikinci dəfə səs vermək mümkün deyildi”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev nəşrə açıqlamasında deyib ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı daha da genişlənəcək: “Söhbət ilk növbədə humanitar əməkdaşlıqdan gedir... Biz təhsil və mədəniyyət sahəsində əlaqələrimizin hərtərəfli möhkəmlənməsinə ümid edirik. Bunun dövlətlərimizə fayda verəcəyinə şübhə yoxdur”.