UEFA prezidenti Superliqanın təşkilatçılarını futbolun məzarını qazmaqda ittiham edib

UEFA prezidenti Superliqanın təşkilatçılarını futbolun məzarını qazmaqda ittiham edib

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının təşkilatçılarını futbolun məzarını qazmaqda ittiham edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə sloveniyalı funksioner UEFA-nın 48-ci Konqresində çıxışı zamanı bildirib.

Qitə futbol qurumunun rəhbəri hesab edir ki, Superliqa layihəsini ortaya atanlar 70 illik tarixi tapdalamağa çalışırlar: “Uğurlara baxmayaraq, futbolun Avropa modelini dəyişmək istəyirlər. Onlar futbolun xilaskarı olduqlarını iddia edirlər, amma əslində onun məzarını qazırlar. Özlərini qurban kimi təqdim edirlər, əslində yırtıcıdırlar. Monopoliya ilə birliyi səhv salırlar. İngiltərədə bəzi insanlar buna zombi liqası deyirlər, mən buna tamahkarlar liqası deyirəm. Daha çox pul, kapital, nüfuz istəyirlər”.

UEFA prezidenti bəzi klub rəhbərlərinin acgöz olduqlarını söyləyib: “Futbol satılmır. Bir xəyalı satın ala bilməzsən. İdman ləyaqətini almaq olmaz. Futbolu güclü və şərəfli oyun edən dəyərləri satın almaq mümkün deyil”.

Qeyd edək ki, Aleksander Çeferin 2027-ci ildə UEFA prezidentliyinə seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.