Baş katib: Seçkidə iştirak edənlər üçün qanunvericiliyə əsaslanan şərait yaradıldığını deyə bilərəm

Baş katib: Seçkidə iştirak edənlər üçün qanunvericiliyə əsaslanan şərait yaradıldığını deyə bilərəm

Missiyamız seçki prosesi zamanı özündə müstəqillik və bitərəfliliyə əsaslanan müşahidə həyata keçirib.

APA xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Baş katib missiya tərəfindən MSK rəhbərliyi ilə, həmçinin digər beynəlxalq və yerli müşahidəçilərlə görüşlərin keçirildiyini, bir sıra məsələlərin müzakirə edildiyini bildirib:

"Bizim üçün effektiv monitorinqin aparılmasına lazım olan şərait yaradılmışdı. Bu, bilavasitə seçki prosesinin şəffaf və açıq keçirilməsi deməkdir. Müşahidələrimiz əsasında seçkidə iştirak edənlər üçün qanunvericiliyə əsaslanan şərait yaradıldığını deyə bilərəm".

Can Min Bakı və Sumqayıtda yerləşən bır sıra seçki məntəqəsində olduqlarını əlavə edib:

"Seçki üçün məntəqənin seçilməsi missiya tərəfindən sərbəst formada edilib. Eləcə də bu və digər məntəqələrə baş çəkməyimizə heç bir maneə olmayıb. Seçki komissiyasının üzvləri baxış üçün lazım olan hər bir şəraiti qurub, lazım olan izahatları bizə vaxtında təqdim edib".

O bildirib ki, seçki prosesi zamanı heç bir pozuntu qeydə alınmamış, bununla bağlı hər hansısa bir şikayətə rast gəlinməyib.

Baş katib MSK-nın fəaliyyətini peşəkar adlandırıb: "Missiya bəyan edir ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın seçki məcəlləsinə tamamilə cavab verir. Seçkinin legitimliyini şübhə altına alacaq hər hansısa bir norma pozuntusu qeydə alınmayıb. Missiyamız bir daha bəyan edir ki, Azərbaycanda keçirilən nəvbədənkənar prezident seçkiləri şəffaf və demokratik olub".

O, sonda təşkilat adından Azərbaycan XİN və Azərbaycan MSK-ya dəvət və yaradılan şərait üçün təşəkkür edib.