BAMF: Seçkilər son dərəcə ədalətli təşkil olunub

BAMF: Seçkilər son dərəcə ədalətli təşkil olunub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun 7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində müşahidəçilik missiyası ilə bağlı brifinq keçirib.

Birxeber.Az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının 2024-cü il 7 yanvar tarixli iclasında 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi heyəti ilə təmsil olunması ilə bağlı qərarın qəbul olunduğu xatırlanıb.

Qeyd edilib ki, yanvarın 19-da təşkilatın bütün Azərbaycan ərazisində müşahidəçilik fəaliyyəti aparması Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

“Seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə paytaxt Bakıda və regionlarda müşahidəçi heyət üzvləri ilə görüşlər keçirib və onlar üçün təlimlər təşkil edib. Bundan əlavə, yerli QHT-lərin birləşdiyi “Mənim səsim - Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası” və Milli QHT Forumunun müşahidəçiləri və beynəlxalq müşahidəçi korpusu ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri həm baş ofis, həm də Tərtər regional ofisimizdə görüşlər keçirib. Seçki günü BAMF-ın müşahidəçilik fəaliyyəti baş ofis Bakıdan və Tərtər, Füzuli və Beyləqan regional qərargahlarından idarə olunmaqla seçkilər yekunlaşadək izlənildi. Müşahidəçi heyət üzvləri ümumilikdə 22 fərqli dairə olmaqla 38 məntəqənin açılışında iştirak ediblər. 50 nəfərlik müşahidəçi heyətinin 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə – Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərə rayonlarında müşahidəçilik missiyasını yerinə yetiriblər. Onlar həmin rayonlarda 7 dairə olmaqla 19 məntəqədə olublar. Paytaxt Bakıya təhkim olunan müşahidəçilər 10 dairədə, regionlardakı müşahidəçilər isə 14 dairədə fəaliyyət göstəriblər. Ümumilikdə, ölkə üzrə 32 dairə olmaqla 225 məntəqədə müşahidəçilik missiyası həyata keçirilib. Müşahidəçilər seçki günü sona qədər prosesləri izləyib və məntəqələr üzrə qeydlərini aparıb. Seçki prosesindən 1600-dən çox foto və video çəkilib".

BAMF-dan qeyd olunub ki, əvvəlki seçkilərdən fərqli olaraq seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olub.

“İlk dəqiqələrdən etibarən açılışında iştirak etdiyimiz 38 məntəqənin hər birində izdiham müşahidə olunub. Səhər saatlarından başlayan bu izdiham ən az 2-2.5 saat müddətində davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlığı 5-6 saatdan çox davam edib. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90%-ə qədər seçici fəallığı izlənilib. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı özünü göstərmiş və müşahidəçilərin qeydləri arasında öz əksini tapıb. Müşahidəçilərimizin qeydlərinə əsasən seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib.

Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Yalnız bir məntəqədə müşahidəçilər üçün ayrılan yerlər seçki qutuları və səsvermə prosesindən xeyli aralıda yerləşib. Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb. Seçkilər son dərəcə ədalətli təşkil olunub və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub. Müşahidəçilərin qeydlərinə əsasən seçki prosesinə təsir edən yanlışlıqlara yol verilməyib. Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Xüsusən, qanun pozuntularının əvvəlki illərə nisbətən minimuma endirilməsi əsas qeyd olunmalı məqamlardandır", - açıqlamada deyilir.