Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB-2

Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB-2

Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən "Birxeber.Az"a bildirilib ki, bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

15:18

Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Birxeber.Az”un yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

14:50

Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.

"Birxeber.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilər eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.