"Sivil Toplum" Monitorinq Koalisiyası 745 seçki məntəqəsində müşahidə aparıb

"Sivil Toplum" Monitorinq Koalisiyası 745 seçki məntəqəsində müşahidə aparıb

7 fevral 2024-cü il tarixdə Azərbaycan keçirilən növbədənkənar prezident seçkilərində "Sivil Toplum" Monitorinq Koalisiyasının 613 müşahidəçisi seçki günü respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb.

"Birxeber.Az" xəbər verir ki, bunu koalisiyanın həmsədri, "Demokratik Seçki Mərkəzi" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli seçkilərin monitorinqinin nəticələrinə dair brifinqdə deyib.

Q.İbrahimli bildirib ki, koalisiyanın seçki müşahidəçiləri "Sivil Toplum Monitorinq Koalisiyasi"nın tərkibinə daxil olan 3 QHT-dən formalaşıb: "Onlardan 217 nəfəri "Cəmiyyətin İnkişafi Mərkəzi" İctimai Birliyinin, 215 nəfəri "Demokratik Seçki Mərkəzi" İctimai Birliyinin, 181 nəfəri isə "Müstəqil Hüquq Mərkəzi" İctimai Birliyinin nümayəndələri olub. Müşahidəçilərimiz koalisiyanı seçki günü uğurla təmsil edib, gün ərzində ölkə üzrə seçki dairələrinin yarısından çoxunda müşahidə aparmaqla zəruri qeydlər götürüb".

Q.İbrahimlinin sözlərinə görə, koalisiyanın müşahidəçiləri azad edilmiş ərazilərdə Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə, Ağdamda, Füzulidə müşahidələr aparıblar.

O bildirib ki, proses tam başa çatanda yekun hesabat yayımlanacaq: "Yekun hesabat bütövlükdə seçki öncəsi, seçki günü və seçkidən sonrakı dövrə ümumi qiymət verəcək, səsvermə nəticələrinin hesablanması və digər vacib məqamlara dair monitorinq qeydlərini, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələri özündə ehtiva edəcək".