Meydanın mərkəzindən qol vuran futbolçu: “Topu qəbul edəndə həmişə rəqib qapıçıya baxıram”

Meydanın mərkəzindən qol vuran futbolçu: “Topu qəbul edəndə həmişə rəqib qapıçıya baxıram”

"Topu qəbul edəndə həmişə rəqib qapıçıya baxıram".

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasının XXI turunda “Zirə”nin (1:1) qapısına meydanın mərkəzindən vurduğu qola münasibət bildirərkən deyib.

İkinci dəfədir uzaq məsafədən “Zirə”ni məyus edən 26 yaşlı hücumçu bunu xüsusi hazırlıqla əlaqələndirməyib: “Zirə” ilə matçlara xüsüsi hazırlaşdığımı deyə bilmərəm. Anidən yaranan epizoddur. Adətən istər cərimə meydançası daxilində, istərsə də xaricində topu qəbul edəndə ilk olaraq qapıya baxıram. Qapıçının öndə olduğunu gördüyüm anda zərbə vururam. Svindirici haldır ki, “Zirə” ilə hər iki matçda uzaq məsafədən vurduğum zərbə qolla nəticələndi”.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”la ilk görüşdə heç-heçə (1:1) etdiklərini xatırladan Ülvi İsgəndərov yarımfinala adlamaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Kubok oyunları fərqli olur. Bu turnir avrokuboklara vəsiqə qazanmaq üçün daha qısa yoldur. Maksimum nəticə əldə etməyə calışacığıq”.

Forvard Azərbaycan Premyer Liqasında son pillədə qərarlaşmalarına da münasibət bildirib. O, düşdükləri durumdan çıxacaqlarına inanır: “Düzdür, indiki mövqeyimiz ürəkaçan deyil. “Qəbələ” hər zaman iddialı olub, yüksək yerlər uğrunda mübarizə aparıb. Bu durumdan cıxmaq üçün qarşıdakı matçlarda əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu fevralın 9-da keçiriləcək. “Qırmızı-qaralar” 21 turdan sonra 15 xalla Premyer Liqada turnir cədvəlinin son pilləsində yer alıb. Komanda çempionatda növbəti görüşünü fevralın 13-də səfərdə “Turan Tovuz”a qarşı keçirəcək.