Koalisiya: Bir sıra partiyaların seçki ilə bağlı bəyanatları siyasi cəfəngiyatdır

Koalisiya: Bir sıra partiyaların seçki ilə bağlı bəyanatları siyasi cəfəngiyatdır

"Mənim səsim" Seçki Monitorinq Koalisiyasının 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə bağlı bəyanat səsləndirilib.

Birxeber.Az-nın xəbərinə görə, bəyanatı brifinqdə “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Səidə Qocamanlı səsləndirib.

Bəyanatda deyilir:

"3 qeyri-hökumət təşkilatı – “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti”, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi”, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliklərinin təsis etdiyi “Mənim səsim” Seçki Monitorinq Koalisiyası 2023-cü ilin dekabrından başlayaraq, Azərbaycanda növbədənkənar Prezident seçkiləri prosesini fasiləsiz monitorinq edir.

Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır. Seçki gününə qədər Koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşəkar təlimlər keçib. Koalisiya seçki gününə qədər Prezidentliyə bütün namizədlərlə və ya onların səlahiyyətli nümayəndələri ilə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası ilə, o cümlədən digər maraqlı tərəflərlə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlərini götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb və ictimaiyyətə açıqlayıb.

7 fevral – seçki günü “Mənim səsim” Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəçiliyi aparıb. Koalisiyanın 500 nəfərdən çox seçki müşahidəçisi respublikanın bütün ərazisində - bütün bölgələrdə təmsil olunmaqla, seçki dairələrinin ümumi sayının 53,6%-ni təşkil edən 67 Seçki Dairəsində müşahidə aparılıb.

Müşahidəçilərimizin içərisində qadınlar və gənclər üstünlük təşkil edib.
Dünən seçki günü – peşəkar müşahidəçilərimizdən toplanmış bütün məlumatlar, qeydlər Koalisiyaya cəlb edilmiş ekspertlərin də iştirakı ilə ətraflı təhlil olunub.

Beləliklə, müşahidə apardığımız 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz aşağıdakı nəticələrə gəlməyə imkan verir:

- seçki seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesinə heç bir müdaxilə halları olmadan azad, ədalətli, şəffaf şəkildə keçib;

- seçki məntəqələrində texniki təchizat, səsvermə kabinələri, səsvermə qutuları Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn tələblərə uyğun olub;

- seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səs vermələri üçün bütün təmin edilib;

- “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə, o cümlədən olduğumuz məntəqələrdə seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb;

- seçki məntəqələrində foto və video çəkiliş aparmaq, internet resurslarından istifadə sərbəst olub, media nümayəndələrinin də işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jurnalistlərdən Koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb;

- məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib;

- seçki günü xüsusilə saat 8-9, 12-13, 17:30-19:00 arası seçki məntəqələrinə seçici axını daha çox olub, onların içərisində gənclər və qadınlar çoxluq təşkil edib;

- səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması qanuna uyğun təşkil edilib.

Bundan başqa, müşahidəçilərimiz tərəfindən prosedurların aparılması ilə əlaqədar bəzi texniki məzmunlu nöqsanlar da qeydə alınıb ki, onlar seçkinin ümumi nəticəsinə təsir gücündə deyildir.

Seçkilərdə iştirakdan imtina etmiş bir sıra siyasi partiyaların ötən gün “yerli səviyyədə seçkiləri müşahidə işi ilə illərdir peşəkarcasına məşğul olan QHT-lərin bu seçkini müşahidə etməsinə imkan yaradılmaması” barədə bəyanatları siyasi cəfəngiyatdır. Əvvəla, təmsil etdiyimiz “Mənim səsim” Seçki Monitorinq Koalisiyası yuxarıda qeyd edildiyi kimi, özündə 3 QHT-ni birləşdirir. Bizlər Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilmiş bütün seçkiləri monitorinq etmişik. Bundan başqa, 7 fevral seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000 nəfərə yaxın seçki müşahidəçisi yer alıb. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bu koalisiyalarda birləşən 9 QHT ümumilikdə 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki müşahidəçiliyi aparıb.

Seçki günü 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında əminlikdə deyə bilərik ki, 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkiləri ölkədə demokratiyanın, siyasi mədəniyyətin inkişafı baxımından irəliyə doğru atılmış böyük addımdır. Seçki azad, ədalətli və şəffaf olub. Seçicilərdə seçkilərdə iştirakla bağlı görünməmiş yüksək motivasiya, xoş əhval-ruhiyyə, sıra, növbə mədəniyyəti müşahidə olunub. Ailə üzvləri birgə seçkiyə qatılanlar çoxluq təşkil edib.

Müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Azad edilmiş ərazilərdə seçki günü məntəqələr önündə çoxsaylı sıralar müşahidə edilib.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkilərdən sonra da monitorinqini davam edir. İndi biz monitorinqimizin seçkidən əvvəl və seçki günündən sonrakı yekun - III fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq".