QHT Koalisiyası: "Müşahidəçilərə qarşı heç bir təzyiq, maneə törədilməsi halı qeydə alınmayıb"

QHT Koalisiyası: "Müşahidəçilərə qarşı heç bir təzyiq, maneə törədilməsi halı qeydə alınmayıb"

Müşahidəçilərə qarşı heç bir təzyiq, maneə törədilməsi halı qeydə alınmayıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkiləri müşahidə nəticələrinə dair fevralın 8-də keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ötən gün koalisiya 67 seçki dairəsində beynəlxalq standartlara uyğun müşahidə aparıb: "Koalisiyanın 500-dən çox müşahidəçisi bütün bölgələrdə təmsil olunmaqla seçki dairələrinin ümumi sayının 53,6 %-ni təşkil edən 67 seçki dairəsində müşahidə aparıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesinə heç bir müdaxilə halları olmadan azad, ədalətli, şəffaf şəkildə keçib. Seçki məntəqələrində texniki təchizat, səsvermə kabinələri, səsvermə qutuları Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn tələblərə uyğun olub. Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səs vermələri üçün şərait təmin edilib. Koalisiyanın müşahidəçilərinə, o cümlədən olduğumuz məntəqələrdə seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb".

S.Qocamanlı bildirib ki, seçki məntəqələrində foto və video çəkiliş aparmaq, internet resurslarından istifadə sərbəst olub, media nümayəndələrinin də işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jumalistlərdən koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb: "Məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib. Seçki günü məntəqələrə seçici axını daha çox olub, onların içərisində gənclər və qadınlar çoxluq təşkil edib. Səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması qanuna uyğun təşkil edilib".