BMT Əfqanıstanda məsciddəki partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb
BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Herat əyalətində məscidə hücumun təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb.
"Birxeber" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat üçün bəyanatında deyilir.
"BMT Təhlükəsizlik Şurası Əfqanıstanda dinc əhaliyə qarşı davam edən dəhşətli terror aktlarını, o cümlədən sentyabrın 2-də Heratda məscidə hücumu qətiyyətlə pisləyir", - bəyanatda vurğulanır.
Qeyd edək ki, sentyabrın 2-də Heratın Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. İlkin məlumatlara görə, terror aktı zamanı 40-dan çox adam ölüb.