Prezident TÜRKPA-nın Baş katibini və beynəlxalq seçki müşahidə missiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Prezident TÜRKPA-nın Baş katibini və beynəlxalq seçki müşahidə missiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

APA xəbər verir ki, Prezident İlham Əliyev seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirib.

Müşahidə missiyasının üzvləri prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik ediblər. Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildirdilər və bunu tarixi məqam kimi qiymətləndiriblər.

Prezident İlham Əliyev bu seçkilərin tarixi hadisə olduğunu deyərək ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş səsvermə prosesində iştirak etdiyini xüsusi vurğulayıb.

Qonaqlar bildiriblər ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının zəfəridir və bu, Türk dünyasının özünəinamını daha da gücləndirib.

Söhbət zamanı Türk dünyasının bir ailə olduğu və bu çərçivədə əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyi qeyd edilib.

***

13:28

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.