Rusiya KİV: “Azərbaycanda keçirilən prezident seçkilərində bütün ölkə səs verib”

Rusiya KİV: “Azərbaycanda keçirilən prezident seçkilərində bütün ölkə səs verib”

Azərbaycanda 7 namizədin iştirak etdiyi növbədənkənar prezident seçkiləri keçirilib. Qarabağın azad edilməsindən sonra ilk dəfə olaraq prezident seçkiləri ölkənin bütün ərazisini əhatə edib, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində 6,5 milyondan çox seçici iştirak edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Lenta.ru”nun Azərbaycan Prezidenti İlham Əliyevin obyektiv olaraq niyə layiqli rəqibinin ola bilməməsindən və Azərbaycanın azad edilmiş ərazilərində seçkilərin necə keçirilməsindən bəhs olunduğu reportajda deyilir.

“Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan cəmiyyətini çox narahat edən Qarabağ probleminin həllindən sonra İlham Əliyevin populyarlığı xeyli artıb. Bunu nəşrimizin müxbirinin seçkilərə bir neçə gün qalmış Bakı küçələrində keçirdiyi sorğular da təsdiqləyib”, - məqalədə qeyd olunub.

Yerli sakin Sahib Məmmədov “Lenta.ru”ya açıqlamasında qalan altı namizədin zəif olduğunu deyib:

“O, çox balanslaşdırılmış daxili və xarici siyasət yürüdür. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinlə çox yaxşı dostluq münasibətləri var”.

Onun sözlərinə görə, bu məsələdə 1987-ci ildən azərbaycanlıların probleminə çevrilən Qarabağı azad etməsi mühüm rol oynayıb: “Dünyada hər hansı prezidentin öz torpaqlarını azad etməsi ilə bağlı başqa nümunə yoxdur. Bunu heç kim edə bilməz, amma bizim prezidentimiz, Ali Baş Komandanımız bunu edə bilib”.

“Lenta.ru”nun əməkdaşı seçkilər günü bir qrup rusiyalı və beynəlxalq jurnalistlə birgə Qarabağa yola düşüb. Onlar Zabux kəndində olublar.

“Bu gün 797 nəfər uzun illərin sınaqlarından sonra artıq öz doğma kəndinə qayıdıb. 30 il davam edən münaqişədən sonra buradakı xarabalıqların yerində Azərbaycan hakimiyyəti iki il ərzində yeni kənd salıb. Ətrafı əzəmətli dağlarla əhatə olunmuş qırmızı kirəmitli birmərtəbəli evlər göz oxşayır. Yeni tikilmiş məktəbdə yerləşən seçki məntəqəsində fəallıq hiss olunur. Hiss olunur ki, bütün burada baş verənlər təkcə yerli sakinlər üçün deyil, həm də inşaatçılar, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) işçiləri üçün mühüm hadisədir”, - jurnalist vurğulayıb.

Bildirilib ki, bir qrup rusiyalı jurnalist azad edilmiş ərazilərdə üç seçki məntəqəsinə baş çəkiblər və heç birində qanun pozuntusu qeydə almayıblar: “Bütün seçicilər bir nəfər kimi İlham Əliyevi açıq şəkildə dəstəkləyərək doğma torpaqlarına qayıtmaq imkanına, yeni evlərə görə ona təşəkkürlərini bildiriblər”.