Şamil Ayrım: "AŞPA-da azərbaycanlı deputatlara qarşı atılan addımı qınayırıq"

Şamil Ayrım: "AŞPA-da azərbaycanlı deputatlara qarşı atılan addımı qınayırıq"

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı atılan addımı qınayırıq".

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım fevralın 8-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, seçkidən əvvəl bir sıra beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə "hesabatlar" yayıblar: "Biz Türkiyə olaraq bunu tamamilə rədd edirik. Azərbaycan 30 ildir müstəqil siyasət həyata keçirir, TANAP-la Avropaya enerji göndərir. Avropa bunu görməlidir".

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyən Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə Şamil Ayrım rəhbərlik edir.