AERA: "Yanvarda 17 inzibati xəta haqqında işə baxılıb"

AERA: "Yanvarda 17 inzibati xəta haqqında işə baxılıb"

Bu ilin yanvar ayında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 17 inzibati xəta haqqında işə baxılıb.

“Report”un agentliyə istinadən verdiyi məlumata görə, bu barədə Agentliyin fəaliyyət istiqamətlərinə dair yanvar ayı üzrə açıqladığı nəticələrdə deyilir.

Bildirilib ki, onlardan 16 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, ötən ay elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 103 nəzarət tədbiri keçirilib. İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 1 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 85 nəzarət tədbiri keçirilib.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 5 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 17 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Həmçinin, 15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 266 müraciət qəbul edilərək icra olunub.