Həbib Həsənov: "Azərbaycan daşıyıcılarının xarici bazarda xüsusi çəkisi artacaq"

Həbib Həsənov: "Azərbaycan daşıyıcılarının xarici bazarda xüsusi çəkisi artacaq"

Son 20 ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarından əldə edilən gəlir 10 dəfə artaraq 1 milyard ABŞ dollarına çatıb.

Bu artım isə əsasən Azərbaycanın beynəlxalq daşımalarda payının - xarici ticarətdə iştirak edən nəqliyyat vasitələrinin sayının artması ilə bağlıdır.

Məsələn, 2023-cü ildə Azərbaycandan 11 min 965 nəqliyyat vasitəsi beynəlxalq daşımalarda iştirak edib ki, bu da 2021-ci illə müqayisədə 4,9 dəfə çoxdur. Bununla belə, yükdaşımalar sahəsində bir sıra çətinliklər var. Bu çətinliklər, eləcə də perspektivlərlə bağlı “Report”un suallarını "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov cavablandırıb.

- Xarici nəqliyyat vasitələrinə “İcazə” blanklarının sərhəddə verilməsi ləğv edilib. Bunun yerli daşıyıcı şirkətlərə töhfəsi nə olub?

- Xarici ölkələrdən fərqli olaraq Azərbaycanda qanunvericiliyə müvafiq olaraq sərhəddə xarici nəqliyyat vasitələrinə “İcazə” blankları verilib. Beynəlxalq təcrübəyə görə, daşımalar kvota sistemi ilə həyata keçirilir. Kvota- “İcazə” blanklarının paritet mübadilə edilməsi və istifadəsini tənzimləyir. Azərbaycanda bu tənzimləmə prosesi pozulurdu, nəticədə kvotadan kənar xarici nəqliyyat vasitəsi Azərbaycana daxil olur, ölkəmizin avtonəqliyyat xidmətləri bazarında milli daşıyıcılarımızın bazar payına mənfi təsir göstərirdi. Bir sözlə, Azərbaycan avtodaşıyıcıarının daşıya biləcəkləri yükləri, kvotadan kənar daxil olan xarici daşıyıcılar dempinq qiymətlər tətbiq edərək daşıyırdılar. Uzun illər idi bunun ləğv edilməsi barədə hesabatlar, təhlillər, təkliflər verilib. Sevindirici haldır ki, bu məsələ həll edilib. Artıq, xarici ölkə daşıyıcıları kvotadan kənar ölkəmizə daxil ola bilmir. Azərbaycan daşıyıcıları paritet qaydada daşımalarda iştirak edir. Daha sadə desək, daşımaların sayı və həcmi, eyni zamanda bu sahəyə qoyulan investisiyalar artıb.

- Ötən il Azərbaycanda daşıyıcı şirkətlərin əsasən hansı çətinlikləri olub? Onların hansı həlli vacib problemləri var?

- Xarici ölkələr arasında yaranan siyasi problemlər avtodaşıyıcılarımızın fəaliyyətinə mənfi təsir edir və müxtəlif vaxtlarda müəyyən çətinliklər yaradır. Lakin belə hallarda ABADA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birgə çətinliklərin aradan qaldırması ilə bağlı ciddi tədbirlər görür, problemlərin operativ həlli üçün addımlar atır. Ötən il avtodaşıyıcılarımızın fəaliyyətində ciddi problemlər müşahidə olunmayıb. Bəzi ölkələrin (Rusiya, Qazaxıstan, Litva) “İcazə” blanklarının sayının məhdud olması, daşıyıcılarımıza müəyyən çətinliklər yaradıb, ancaq RİNN ilə birgə görülmüş tədbirlər bu çətinliklərin aradan qaldırmasının təmin edib.

Hazırda Rusiyanın Federal Sərhəd Xidməti ölkə ərazisindən Belarusa və geriyə 3-cü ölkə sürücülərinin keçməsinə məhdudiyyət tətbiq edilib. Bu çətinliyin aradan qaldırması üçün ABADA Rusiya və Belarusun müvafiq qurumları ilə danışıqlar aparıb və avtodaşıyıcılarımızın geriyə qayıtmalarına köməklik göstərmələrini xahiş edilib. Bu barədə RİNN-ə də məlumat verilib, zəruri tədbirlər görülüb.

- Bəzən beynəlxalq daşımalarda iştirak edən Azərbaycana məxsus TIR-ları müxtəlif səbəblərdən gömrük-keçid məntəqəsində növbələrdə qalır. ABADA bu problemlərin həlli üçün hansı addımlar atır?

- Ötən illərdə müşahidə olunan gömrük-keçid məntəqələrində mövsümi xarakterli növbə problemi artıq həll edilib. Dövlət Gömrük Komitəsinin (DGK) həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın gömrük məntəqələrində yüksək texnologiyaya malik terminallar inşa edilib, Samur çayı üzərində Azərbaycan-Rusiya sərhədində yeni 2 ədəd keçid məntəqəsi istifadəyə verilib, Astara və Biləsuvar gömrük məntəqələrinin buraxılış qabiliyyətləri artırılıb. Növbə məsələsi, elektron qayda ilə həyata keçirilir. Növbəsi çatan daşıyıcı SMS vasitəsi ilə keçidə dəvət olunur. Qarşı tərəflərin gömrük məntəqələrində yaranan növbələrinin aradan qaldırılması üçün DGK ilə birgə, həmin ölkələrin nəqliyyat qurumları ilə keçirilən görüşlərdə bu məsələlərə diqqət yetiririk, növbələrin aradan qaldırılmasının vacibliyini qeyd edirik. Artıq İranla sərhəddə - Astara gömrük postunda yenidənqurma işləri tamamlanıb, İran Biləsuvarında isə işlər yekunlaşmaq üzrədir. Növbə məsələsi, ABADA-nın daim diqqət mərkəzindədir. Gündəlik olaraq daşıyıcılarmızdan məlumat alınır.

- ABADA ötən il regionlarda fəaliyyət göstərən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirərək onlarla peşəkarlıq məsələlərini müzakirə edib. Ölkəmizdə daşıyıcı şirkətlərin sürücülərinin peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Ötən ilin avqust ayında ABADA rəhbərliyi və İdarə Heyətinin təşkilatçılığı ilə Cənub (Masallı), Qərb (Gəncə) və Şimal (Xaçmaz) regionlarında fəaliyyət göstərən avtodaşıyıcılarımızla “Hər sürücü bir qəhrəmandır” devizi altında görüşlər keçirilib. Görüşlərdə məqsəd regionlarda yaşayan, fəaliyyət göstərən avtodaşırıcılarımızın problemlərini öyrənmək, operativ həll etmək üçün tədbirlər görmək və gələcək perspektivliklərin istiqamətlərini müəyyənləşdirmək olub. Görüşlər çox uğurlu olub. Beynəlxalq daşımalarda fərqlənən sürücülər “Təşəkkürnamə”lər ilə təltib edilib. Ölkəmizdə daşıyıcı şirkətlərinin sürücülərinin peşəkarlıq səviyyəsi xeyli dərəcədə yüksəlib. Nazirlər Kabinetinin 8 iyul 2020-ci il qərarı ilə təsdiq edilmiş “ Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyətinin operatorunun məhsul şəxsinin, habelə sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığınının və yenidən hazırlığının keçirilməsi Qaydaları"na müvafiq olaraq, ötən ildə təkcə ABADA-nın təhsil kurslarında 1 305 sürücü, 178 məsul şəxs, ümumilikdə 1 483 şəxs müvafiq hazırlıq kursları keçib və “Peşəkarlıq səriştəsi sertifikatı” alıb.

- “İcazə” blanklarının sayının artması ilə bağlı hansı işlərin aparılmasına ehtiyac var?

- Hər ilin dekabrında növbəti ildə istifadə olunacaq “İcazə” blanklarının kvota əsasında mübadiləsi həyata keçirilir. Daşımaların həcmindən asılı olaraq, bu və yaxud digər ölkənin “İcazə” blanklarına əlavə ehtiyac yaranır. RİNN və ABADA birgə olaraq, həmin ölkələrin müvafiq qurumları ilə danışıqlar aparır. RİNN-nin təşkilatçılığı ilə və ABADA-nın iştirakı ilə görüşlər keçirilir. Görüşlərdə mövcud vəziyyət müzakirə olunur. Təhlillər aparılır, hər iki ölkənin daşıyıcılarının tələbatlarına uyğun olaraq, “İcazə” blanklarının əlavə mübadiləsi həyata keçirilir.

- 2024-cü il üçün əsas planlar və hədəflər hansılardır?

- Ötən illərdə olduğu kimi, əsas məqsədimiz avtodaşıyıcılarımızın mənafelərinin qorunması, xarici ölkələrin avtonəqliyyat xidmətləri bazarında Azərbaycan daşıyıcılarının xüsusi çəkilərinin artırılması, eyni zamanda onların rəqabətlilik qabiliyyətlərinin yüksəldilməsi, daşıyıcılarımızın hazırlıq və yenidən hazırlıq səviyyələrinin artırılması, maarifləndirmə işlərinin genişləndirilməsi, sayı məhdud olan “İcazə” blanklarının sayının tələbata uyğun alınması, ölkəmizin tranzit potensialından maksimum istifadə edilməsi, “Şimal-Cənub”, “Qərb-Şərq” və "Orta Dəhliz" beynəlxalq nəqliyyat dəhizlərində avtodaşıyıcılarımızın inkişafının təmin edilməsi, qarşıya çıxan problemlərin operativ həll edilməsidir. Bu məsələlər 2024-cü il üçün planlarımızın və hədəflərimizin əsasını təşkil edir və son nəticədə Azərbaycan daşıyıcılarının xarici bazarda xüsusi çəkisi artacaq.