QH Gənclər Təşkilatı Azərbaycanda prezident seçkiləri barədə: "İlk uğurlu müşahidəmiz oldu"

QH Gənclər Təşkilatı Azərbaycanda prezident seçkiləri barədə: "İlk uğurlu müşahidəmiz oldu"

Bakıda 6 fərqli qrupdan ibarət olmaqla müşahidə həyata keçirmişik. Məntəqələrdə hər şeyin qanunauyğun şəkildə həyata keçirildiyinin şahidi olmuşuq.

"Report" xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvü Eyeru Jacob Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, QH Gənclər Təşkilatı müşahidə heyəti səsvermənin bütün məntəqələrdə qərəzsiz və şəffaf şəkildə keçirildiyini təsdiq edir.

"Heç kim bizə hara getmək lazım olduğunu deməyib, biz özümüz istədiyimiz yerləri müşahidə etmişik. Bütün seçki məntəqələrində müşahidə etdiyimiz əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Biz səsvermə bülletenlərinin sayılmasında da iştirak etmişik. Bu, bizim QH ölkələrində ilk uğurlu müşahidəmiz oldu. Dünya tarixində birinci gənclər təşkilatıdır ki, müşahidəçi kimi iştirak edib. Bu da onu göstərir ki, Azərbaycan hökuməti gənclərin inkişafına öz töhfəsini verir. Azərbaycan xalqına seçkidən sonrakı dövrdə birlik və məhsuldar inkişaf arzulayırıq", - E.Jacob qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.