Yeni Zaman Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Yeni Zaman Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Yeni Zaman Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, prezident seçkilərinə öz müşahidə missiyası ilə qatılan Yeni Zaman Partiyası seçki günü ölkənin bir sıra seçki məntəqələrində və seçki dairələrində müşahidələr aparıb.

“Seçki öncəsi prosesi də diqqətlə izləyən Yeni Zaman Partiyası seçki iştirakçıları - seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub.

Ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması namizədlərin seçicilərlə kollektiv görüşlərində özünü daha yaxşı göstərib. Müxtəlif rayonlarda və şəhərlərdə keçirilən açıq və qapalı görüşləri namizədlərin sosial şəbəkə hesablarında və mətbuatda paylaşması mövcud mənzərəni əyani şəkildə əks etdirib.

Namizədlər üçün ayrılan pulsuz efirlər zamanı digər namizədlərin hazırkı iqtidar nümayəndəsi ilə açıq polemikalara girməsi, iqtidarın mövcud siyasətində nöqsanların açıq-aydın şəkildə dilə gətirilməsi seçkinin azad rəqabət şəraitində keçirilməsinin göstəricisi olub.

Yeni Zaman Partiyasının müşahidəçiləri səsvermə prosesində hansısa nöqsanların qeydə alınmadığı haqda məlumatları partiyanın mərkəzi qərargahına günün müxtəlif saatlarında təqdim edib. Bu məlumatları, həmçinin, digər müşahidə missiyalarının, beynəlxalq müşahidəçilərin hesabatlarını, rəylərini nəzərə alaraq deyə bilərik ki, 7 fevral - prezident seçkiləri ədalətli, demokratik, qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə keçirilib.

1000 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə apardığımız müşahidələr də seçkinin sakit, öz axarında keçdiyini təsdiqləyib. Bu prezident seçkilərində seçicilərin öncəki seçkilərə nisbətən daha aktiv olduğu müşahidə edilib.

Düşünürük ki, seçkilər düzgün məntiqi sonluqla başa çatdı. Azərbaycan xalqının Vətən müharibəsində də, ondan əvvəlki taleyüklü məsələlərdə də inandığı, arxalandığı və güvəndiyi namizəd İlham Əliyev yenidən xalqın böyük dəstəyini qazanaraq Prezident seçildi. Biz də Yeni Zaman Partiyası olaraq seçkilərin nəticəsini legtim hesab edir və cənab İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, - deyə bəyanatda bildirilir.