MDB PA missiyasının rəhbəri: Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir

MDB PA missiyasının rəhbəri: Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir

“Bizim missiya ötən ilin dekabrından artıq Azərbaycandadır və seçki ilə bağlı məsələləri incələyir”.

APA xəbər verir ki, bunu MDB PA müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Biz Azərbaycan Respublikası qanunvericiliyində beynəlxalq standartlara, insan hüquqları konvensiyalarına, eyni zamanda, siyasi və mülki haqların tanınmasına uyğunluğun şahidi olduq. Seçkilər zamanı gizli səsvermə üçün bütün şərait və azadlıq təmin edilmişdir. Beləliklə, Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir", - o deyib.

Jakip Asanov Azərbaycanda keçirilən prezident seçkilərinin tarixi əhəmiyyətə malik olduğunu əlavə edib.

"Biz, müxtəlif ölkə parlamentinin üzvləri təkcə bu əlamətdar gündə müşahidəçi qismində iştirak üçün deyil, eyni zamanda, çiçəklənən Azərbaycanın bu tarixi hadisəsində iştirak etdiyimiz üçün, prosesə şahidlik etdiyimiz üçün sevincli idik. Mən bir daha Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ölkənizə sülh və əmin-amanlıq arzu edirəm", - o deyib.