Gürcüstanda torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub

Gürcüstanda torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub

Gürcüstanın Bağdati bələdiyyəsinin Nerqeeti kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşmüş sonuncu meyiti tapılıb.

APA-nın Tbilisi müxbiri Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Torpaq sürüşməsinin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir. Məlumata görə, hadisə nəticəsində 4 ev hündürlüyü 30 metr olan torpaq kütləsinin altında qalıb. 2 gün boyunca davam etdirilən axtarışlara 200-dən çox xilasedici cəlb edilib. Xilasedicilər torpağın altından yalnız bir nəfəri sağ çıxara biliblər və həmin şəxs klinikaya yerləşdirilib. Geoloqların sözlərinə görə, həmin ərazidə əvvəllər torpaq sürüşməsi qeydə alınmayıb.

Xatırladaq ki, ötən il avqustda Gürcüstanın Oni bələdiyyəsində Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi 30 nəfərin həyatına son vermişdi.