Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa yönəldiləcək” - MÜSAHİBƏ

Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa yönəldiləcək” - MÜSAHİBƏ

Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib. Eyni zamanda qələbəni təmin etmiş hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzillə təminatı istiqamətində davamlı fəaliyyət həyata keçirilir. Həm bu məsələlər, həm də dövlət borcu ilə bağlı "Birxeber.Az"un suallarını maliyyə naziri Samir Şərifov cavablandırıb:

- Bu il Azərbaycanın dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ötən illə müqayisədə təxminən 20 % az - 3 milyard 825 milyard manat vəsait nəzərdə tutulub. Bu məbləğ sonradan artırıla bilərmi? Qarabağ və Şərqi Zəngəzurdakı layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından kredit cəlb olunması imkanlarını necə qiymətləndirirsiniz?

- Məsələyə vəsaitin azaldılması kimi baxmağın tərəfdarı deyiləm. İlk növbədə biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün maliyyələşmə səviyyəsini saxlayaq. Heç şübhəsiz ki, hər bir tədbirin maliyyələşdirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır. Biz imkan yarandıqca layihələrə vəsait ayırırıq. Ötən ilə fikir versəniz görərsiniz ki, ilkin olaraq həmin məqsədlər üçün büdcədən cəmi 3 milyard manat vəsait ayrılmışdı. Lakin sonradan dövlətin maliyyə imkanları artdı və 2023-cü ilin iyun ayında ölkə Prezidentinin təqdimatına əsasən, büdcəyə yenidən baxıldı.

Bunun da iki əsas səbəbi vardı. Birinci səbəb ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi idi. Digər səbəb isə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi idi. Yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün əlavə 1,8 milyard manat ayrıldı. Onu da deyim ki, ötən il büdcənin icrası zamanı əlavə olaraq həm Prezidentin ehtiyat fondundan, həm də büdcənin ehtiyat fondundan vəsait ayrıldı. Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi. Cari ildə də bunu istisna etmək olmaz. 2024-cü ilin dövlət büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutulub. Dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pullar ilk növbədə qeyd etdiyiniz məqsədlərə yönəldiləcək.

Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını sırf öz maliyyə imkanları hesabına həyata keçirir və bu proses davam edəcək. O ki, qaldı bu layihələrə kreditlərin cəlb edilməsinə, bu istiqamətdə işlər aparıla bilər. Bununla bağlı müəyyən niyyətlərimiz var. Ancaq hazırda bunlar sadəcə müzakirə mövzusudur. Ona görə də, konkret bir şey demək mümkün deyil.

- Bu il mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin olunmasına bu il dövlət büdcəsindən nə qədər vəsait ayrılacaq?

- Bildiyiniz kimi, bu məqsəd üçün hüquqi çərçivə mövcuddur. "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb. Həmin Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur. Komissiya vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi qulluqçuların növbəyə qəbul edilməsi məsələlərini həll edir, həm də növbədəki hərbi qulluqçulara mənzillərin verilməsi məsələsini nəzərdən keçirir. Yəni bu proses davamlı gedir. Həmin məqsəd üçün bu il büdcədə 35 milyon manat nəzərdə tutulub.

Bu gün hərbi qulluqçular mənzil məsələsinin həlli üçün güzəştli ipoteka kreditləşməsi mexanizmindən yararlana bilirlər. Bu əsnada ötən ilin dekabrında Prezident İlham Əliyevin "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərmanı xüsusilə qeyd etmək istərdim. Sənədə əsasən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15 %-ni dövlət qarşılayacaq. Proqram 2024-2025-ci tədris ilindən başlayaraq təhsil alan kursantlar üçün nəzərdə tutulur. Onlar 5 il zabit və yaxud gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra bu hüququ əldə edəcəklər.

- Azərbaycanda ümumi dövlət borcu, o cümlədən xarici borclanma ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Bildirmək istərdim ki, bu il yanvarın 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi məbləği 6 milyard manatdan çoxdur. Ötən ilin nəticələrinə görə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) dəyərinin 123 milyard manat təşkil etdiyini nəzərə alsaq, bu, dövlət qiymətli kağızlarının ÜDM-dəki payının 5 %-i keçdiyi anlamına gəlir.

Bildiyiniz kimi 2018-ci ildə dövlət qiymətli kağızları bazarında bir canlanmağa baş verdi. Bu, həmin il ölkə Prezidentinin sərəncamı ilə “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın qəbul edilməsi ilə əlaqədar idi. Həmin strategiyada ilk olaraq nəzərdə tutulub ki, xarici dövlət borcu tədricən daxili dövlət borcu ilə əvəz edilsin. Hesab edirəm ki, bu proses uğurla davam edir. Nəticə etibarı ilə xarici dövlət borcunun ümumi dövlət borcunda xüsusi çəkisi azalıb. Biz bunu artıq görürük. Xarici dövlət borcunun və ümumiyyətlə dövlət borcunun ÜDM-yə müəyyən nisbət göstəriciləri təqdim edilir. Hazırda onlar yenidən baxılmaqla 30 % səviyyəsində nəzərdə tutulur. Qeyd etmək istərdim ki, cari ilin əvvəlinə biz bu məhdudiyyəti gözləmişik. Belə ki, ümumi dövlət borcumuzun ÜDM-yə olan nisbəti 21 %-dən bir qədər çoxdur. Nəzərdə tutulduğu kimi xarici dövlət borcumuz azalır. Artıq onun ÜDM-yə nisbəti 10 %-nin altındadır. Xarici dövlət borcumuz ötən il də mütləq ifadədə azalıb. Yəni bu proseslər gedir.

- Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsini necə dəyərləndirisiniz? COP29-un maliyyələşmə mexanizmləri üzərində iş gedirmi?

- Azərbaycan artıq özünü böyük mötəbər beynəlxalq tədbirlərin keçirilmə məkanı kimi doğruldub. Ölkəmizdə uğurla beynəlxalq miqyaslı həm siyasi, həm humanitar, həm də ki, idman tədbirləri keçirilib. Bu mənada Azərbaycan dövləti dünyada özünü etibarlı, mütərəqqi bir ev sahibi kimi tanıdıb. Bu baxımdan heç şübhəsiz ki, COP29 da uğurla Azərbaycanda həyata keçiriləcək.

Qeyd olunduğu kimi, bu, ölkəmiz üçün böyük bir uğurdur ki, bütün dünya ölkələri bu tədbirin Azərbaycanda keçirilməsinə səs verdilər. Bunun maliyyə tərəfi ilə əlaqədar xüsusi işlər aparılır. Dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılacaq. Həmin vəsaitlərin məbləği barədə hələ ki, hər hansı bir fikir söyləyə bilməyəcəyəm. Çünki bununla əlaqədar təşkilat komitəsi, onun nəzdində yaradılan əməliyyat şirkəti müvafiq hesablamalar aparır. Dövlətin maliyyə vəsaiti ayırmasına ehtiyac yaranacaqsa şübhəsiz ki, bu işlər təmin ediləcək. Ev sahibi olaraq müəyyən xərclər bizim payımıza düşür, iştirakçıların bura gəlib-getməsi, burada qalması, tədbirdə iştirakı isə onların öz hesabına olacaq.