Sergey Lebedev: "Prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur"

Sergey Lebedev: "Prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur"

Belə qənaətə gəldik ki, növbədənkənar prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur.

"Report"un məlumatına görə, bunu MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilər tam şəffaf və aktiv həyata keçirilib: "MDB missiyası hesab edir ki, seçkilər dayanıqlı seçki qanununa uyğun olmalıdır. Bu məsələlərdə beynəlxalq təşkilatların tələbləri və s. nəzərə alınması düzgün deyil. Yenə qeyd edirəm, hər bir dövlətin özünün milli Seçki Məcəlləsi olmalıdır, buna istinad edilməlidir. Biz MDB dövlətləri olaraq, həmişə Azərbaycana qarşı müsbət münasibət bəsləyirik".

Sergey Lebedev xatırladıb ki, MDB missiyasının müşahidəçiləri bir neçə həftədir Azərbaycanda işləyirlər: “İşin aydın təşkili ilə yanaşı, seçicilərin ruh yüksəkliyinə də diqqət yetirdik ki, bu da söhbətlərdə özünü büruzə verirdi. Onlar Azərbaycanda baş verən dəyişikliklərdən, seçkilərdə ürəkləri ilə iştiraklarından bəhs etdilər”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.