İƏT PA: Azərbaycanlı seçicilər azad şəkildə öz seçimini etdi

İƏT PA: Azərbaycanlı seçicilər azad şəkildə öz seçimini etdi

“Pakistan həm regionda, həm də dünyada demokratik dəyərlərin inkişafına səy göstərir”.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) PA-nın heyət rəhbəri Salma Coveria Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, İƏT PA katibliyi hər zaman götürdüyü öhdəliklərin icrasına çalışır:

“Həqiqətən vurğulamaq istəyirəm ki, seçki prosesi Azərbaycanda çox şəffaf keçib, seçici fəallığı olub. İnsanlar göstərdi ki, onlar demokratiyanı dəstəkləyir, inam və etibar edirlər. Azərbaycanlı seçicilər azad şəkildə öz seçimini etdi. Bir daha Azərbaycan xalqına təbriklərimi çatdırıram ki, onlar uğurlu şəkildə seçkini keçirə bildilər. Hesab edirəm ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri ölkənin daha da inkişafına öz töhfəsini verəcək. Pakistan olaraq biz başqa sahələrdə də əməkdaşlıq məsələlərini nəzərdən keçirməyi düşünürük. Ümid edirəm ki, bu əməkdaşlığı daha da genişləndirməklə bizim ölkələrimiz regiondakı sülh və əmin-amanlığa öz töhfəsini verə bilər”.

O, şəxsi rəylərini də paylaşıb: “Mən dünən seçki məntəqələrində oldum, insanlar çox sevincli və gülərüz idilər. Pakistana qarşı çox yaxşı münasibət var idi, bizi qucaqlayırdılar və deyirdilər ki, siz qardaşsınız”.