Aydos Sarım: “Azərbaycan vətəndaşları bu seçkilərin tarixi əhəmiyyətini başa düşürdülər”

Aydos Sarım: “Azərbaycan vətəndaşları bu seçkilərin tarixi əhəmiyyətini başa düşürdülər”

Azərbaycanda ilk dəfə olaraq seçkilər suverenliyin tam bərpası şəraitində keçirilib və bu da öz növbəsində vətəndaşları səsvermədə fəal iştiraka ruhlandırıb.

“Birxeber.Az” xəbər verir ki, bunu Qazaxıstan parlamentinin seçkiləri müşahidə edən nümayəndə heyətinin rəhbəri Aydos Sarım Azərbaycanda prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələrində səsvermə prosedurlarına ciddi əməl edilib: “Söhbət edə bildiyim müşahidəçilər heç bir qanun pozuntusunu qeydə almayıblar”.

“Mən şəxsən şahidi oldum ki, bütün seçki məntəqələrində uzun növbələr yaranıb, əhali böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edib. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bu seçkilərin tarixi əhəmiyyətini başa düşürdülər”, - o vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.