Konsul: “Səfirlikdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb”

Konsul: “Səfirlikdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb”

Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulluq qeydiyyatında olan 175 vətəndaşımız artıq səsvermədə iştirak edib.

Bunu Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Birxeber.Az"un ABŞ bürosuna açıqlamasında deyib.

Diplomat bildirib ki, ABŞ-də fəal seçicilər arasında gənclər, xüsusilə tələbələr çoxdur:

"Vaşinqtondakı səfirlik binasında 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin 80 %-i gənclər, 20 %-i isə orta yaşlı nəslin nümayəndələridir. Hazırda səsvermə davam edir. Səsvermədə iştirak edən seçicilərin intensivliyi yerli vaxtla saat 11-14-də qeydə alınıb. Konsulluq qeydiyyatında olan həmvətənlərimizin 60 %-i faizi səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən vətəndaşlarımız da səfirliyə yaxınlaşıb səsvermədə iştirak edə bilirlər.

Vaşinqtona ətraf şəhərlərdən gələn tələbələrimiz, iş məqsədi ilə ABŞ-də olan Azərbaycan vətəndaşları, hətta qonaq qismində orada olan həmvətənlərimiz səfirliyimizə yaxınlaşıb səsvermədə iştirak edirlər. Onlardan bir çoxu Merilend, Nyu-York, Filadelfiya, Nyu-Cersi ştatlarından gəliblər".

Konsul qeyd edib ki, səfirlik binasında seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb: "Seçicilərdə xüsusi ruh yüksəkliyi hiss olunur. Müşahidələrimizdən aydın olur ki, onlar bu tarixi səsvermədə iştirak etməkdən çox məmnundurlar. Bu saatlara qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb".