"Arqumentı i Faktı": "Azərbaycan xalqı prezidentini seçib"

"Arqumentı i Faktı": "Azərbaycan xalqı prezidentini seçib"

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev 93,9 faiz səs qazanıb. Bununla bağlı "exit-poll" məlumatlarını Bakıda keçirilən brifinqdə ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası yerli təşkilatının nümayəndələri təqdim ediblər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Rusiyanın "Arqumentı i Faktı" nəşri yazıb.

“Hazırkı prezidentin səlahiyyət müddəti bitməmiş yeni səsvermə nəyə görə lazım idi? Fakt budur ki, 2023-cü ildə Azərbaycan Qarabağa nəzarəti bərpa edib. Məhz buna görə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün respublikada növbədənkənar seçkilərin keçirilməsi qərara alınıb. Azərbaycan rəsmiləri səsverməni tarixi adlandırır", - nəşrdə qeyd edilir.

Fevralın 7-də İlham Əliyev məhz Qarabağda, daha doğrusu Xankəndidə özü səs verib.

Seçkilərin iş gününə təyin edilməsinə baxmayaraq, Azərbaycan xalqı elə səhər saatlarından (seçki məntəqələri saat 8-də açılıb, 19-da bağlanıb) bu ​​və ya digər namizədə səs verməyə tələsdi.

Seçkilərin şəffaflığı seçki məntəqələrində yerləşən 1000-ə yaxın veb-kamera, həmçinin MDB, ATƏT, Türk Dövlətlərinin Parlament Assambleyası və digər təşkilatlardan çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təmin edilib.

Bakıya gəlmiş MDB-nin baş katibi Sergey Lebedevin verdiyi məlumata görə, yanvarın 17-dən burada Birlik ölkələrindən olan müşahidəçilər missiyası işləyir: "Səhər seçki məntəqələrinə getdim və demək istəyirəm ki, səsvermə mütəşəkkil şəkildə keçirilir. Böyük fəallıq var. Biz bunu Azərbaycan vətəndaşlarının ölkədə sülh və əmin-amanlığın hökm sürməsinə böyük marağı kimi qiymətləndiririk. Son dərəcə maraqlıyıq ki, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olsun, Azərbaycanın və qonşu dövlətlərin daha da mütərəqqi inkişafı üçün şərait yaradılsın”, - o media nümayəndələri ilə söhbətində bildirib.