Səidə Qocamanlı: Seçkidə insan axını müşahidə etdik

Səidə Qocamanlı: Seçkidə insan axını müşahidə etdik

“Bu gün Bakının bütün rayonları üzrə seçki dairələrində monitorinq aparmışıq. Seçkidə insan axını müşahidə etdik. Səhər tezdən insanlar uşaqlarının əlindən tutub seçkilərə gedirdi. Bu, bir daha onu göstərir ki, cəmiyyətdə seçki ilə bağlı fəallıq vardı”.

Bunu növbədənkənar prezident seçkilərinin səsvermə prosesinin yekunlarına dair APA-ya açıqlamasında “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Səidə Qocamanlı deyib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad olunduqdan sonra insanlarda sabaha ümid yaranıb: “Buna görə insanlar səsvermədə bu qədər aktivlik nümayiş etdirirlər. Digər tərəfdən, səsvermə məntəqələrində təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey mütəşəkkil formada təşkil edilmişdi”.

Səsvermə prosesində hansısa nöqsanların olub-olmaması ilə bağlı sualı cavablandıran hüquq müdafiəçisi deyib ki, hər hansı qanun pozuntusuna rast gəlinməyib: “Bizim koalisiya 500-dən artıq müşahidəçi ilə 67 dairə üzrə bütün Azərbaycan ərazisində fəaliyyət göstərib. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında, Şuşada, Füzulidə olan müşahidəçilərimiz orada insanların yüksək əhval-ruhiyyə ilə seçkiyə qatıldıqlarını bildirdilər. Mən düşünürəm ki, Azərbaycanın möhtəşəm qələbəsi insanlarda sabaha ümid yaradıb. Mən özüm də bir azərbaycanlı kimi ümidliyəm, sabaha inanıram”.