QDİƏT vitse-prezidenti: Seçkilərə böyük maraq demokratiya və fikir azadlığının təzahürüdür

QDİƏT vitse-prezidenti: Seçkilərə böyük maraq demokratiya və fikir azadlığının təzahürüdür

"Bu gün tarixi gündür. Seçkilər ilk dəfə bütün Azərbaycan ərazisində keçirildi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm".

Birxeber.Az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Asəf Hacıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

Yunanıstandan olan nümayəndə Konstantinos Vlasis, öz növbəsində, monitorinq zamanı hər hansısa uyğunsuz hala rast gəlmədiklərini deyib.

"Müşahidəmə əsasən, deyim ki, vətəndaşlar seçkidə aktiv iştirak edib. Mən hesab edirəm, seçici aktivliyi 80 faizdən yuxarıdır", - o əlavə edib.

QDİƏT-in vitse-prezidenti Daniel Konstantin isə bildirib ki, gün ərzində bir neçə seçki məntəqəsində olublar.

"Seçkilərə maraq böyük idi. Bu demokratiya və fikir azadlığının təzahürüdür", - vitse-prezident qeyd edib.

Bolqarıstan parlamentinin nümayəndəsi Petar Kanev isə əvvəllər də ölkəmizdəki seçkilərdə müşahidəçi qismində iştirak etdiyini deyib.

"Bu seçkilərdəki fəallıq çox yüksək səviyyədə idi. Buradakı ölkələr Aİ ölkələridir. Ümid edirik ki, Gürcüstan da tezliklə bu sıraya qoşulacaq. Düşünürük ki, bu seçki prosesinə öz yüksək qiymətimizi verəcəyik. Uğurlu seçkilərə görə Azərbaycan xalqını təbrik edirəm", - diplomat fikrini tamamlayıb.

Gürcüstandan olan nümayəndə Ramaz Nikolayşvili həmkarlarının fikirləri ilə həmrəy olduğunu bildirib.

"Texniki cəhətdən çox yüksək səviyyəli seçki idi. Dünən MSK sədri ilə keçirilən görüş zamanı bizə deyilən, vəd edilən sözlərə seçki prosesində tam əməl olunduğunu gördük. Mən İlham Əliyevi regionun lideri olaraq görürəm. İstərdim ki, Azərbaycan xalqı onun etdiklərini yüksək səviyyədə dəyərləndirsin. Mən istəyərdim ki, bizim ölkəmizdə də belə bir lider olsun. Hətta deyim ki, imkanım olsaydı, səsimi ona verərdim", - o deyib.