ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 143 mlrd. manatı ötüb

ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 143 mlrd. manatı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il 1 yanvar tarixinə ümumi 143 150,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, ötən il ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 737,6 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Xatırladaq ki, 2023-cü ilin sonuna ARDNF-nın aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 069,7 milyon ABŞ dolları təşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.