Vlada Qalan: "Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi"

Vlada Qalan: "Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi"

Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi.

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib.

Onun sözlərinə görə, təşkilat ümumilikdə 40 seçki idarəsi və 5 seçki məntəqəsini əhatə edib: "Biz fəxrlə söyləyirik ki, 63 min nəfərdən çox seçicini müşahidə etmək imkanımız olub. Bizim data mərkəzimiz Bakıda yerləşmişdi və 20 data terminalı, 40 işçi bütün məlumatları daxil edərək göndərib. Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi".

Qeyd edək ki, “exit-poll” üçün üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Rəy” Monitorinq Mərkəzi və STM akkreditasiyaya alınıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində, “Rəy” Monitorinq Mərkəzi isə 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.

Xatırladaq ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.