Cəlilabadda seçki dairəsi üzrə 65 faiz seçici fəallığı qeydə alınıb

Cəlilabadda seçki dairəsi üzrə 65 faiz seçici fəallığı qeydə alınıb

Cəlilabad rayonunda seçkini 1 349 müşahidəçi izləyir.

Bu barədə "Report"un yerli bürosuna 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının (DSK) sədri İsa Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 71 saylı DSK üzrə 754 müşahidəçi seçkini izləyir, onlardan 751-i yerli, 3-ü isə beynəlxalq müşahidəçidir.

İ.Allahverdiyev qeyd edib ki, seçicilərin aktivliyi müşahidə edilir və saat 15:00-a olan məlumata görə, dairə üzrə 63,2 faiz seçici fəallığı olub.

72 saylı Cəlilabad kənd dairə seçki komissiyası üzrə isə 592 yerli, 3 beynəlxalq müşahidəçi seçkinin gedişini izləyir.

DSK-nın sədri Mehman Rzayevin verdiyi məlumata görə, saat 15:00-a olan məlumata əsasən, dairə üzrə 65,7 faiz seçici fəallığı qeydə alınıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.