Aran bölgəsində seçici fəallığı müşahidə olunur

Aran bölgəsində seçici fəallığı müşahidə olunur

Azərbaycanın aran bölgəsində seçicilərin yüksək fəallığı müşahidə olunur.

“Birxeber.Az”un Aran bürosu xəbər verir ki, 64 saylı Salyan seçki dairəsində 50 min 322 seçicini birləşdirən 48 məntəqə yaradılıb.

Dairə seçki komissiyasının sədri Fuad Muradov bildirib ki, 590 yerli, 2 xarici (Almaniya və Rusiya) müşahidəçinin izlədiyi növbədənkənar prezident seçkilərində qanun pozuntuları ilə bağlı dairəyə rəsmi müraciət daxil olmayıb.

53 min 615 seçicinin olduğu 51 saylı Şirvan seçki dairəsində 43 seçki məntəqəsi yaradılıb. 11 məntəqədə veb-kamera quraşdırılıb. Seçkiləri 577 yerli və ATƏT DTİHB-nin 2 müşahidəçisi izləyir. 1725 seçici ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək.

Dairə seçki komissiyasının sədri Taleh Ağayevin verdiyi məlumata görə, səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusuna yol verilməyib.

63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 51 seçki məntəqəsində də qeydə alınan 63 min 355 seçicinin yüksək fəallığı ilə müşahidə olunur. Seçki məntəqəsindən 44-u Hacıqabulda, 7-si isə Kürdəmir rayonunda (7984 seçici var) yerləşir.

Dairə seçki komissiyasının sədri Məhəmməd Hacıyevin verdiyi məlumata görə, növbədənkənar prezident seçkiləri obyektiv və şəffaf şəraitdə keçirilir.

70 saylı Neftçala, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 66 saylı Saatlı seçki dairələrində də növbədənkənar prezident seçkiləri demokratik, şəffaf şəraitdə keçirilir. Sözügedən dairələrdə hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.